ABŞ-ın ağalıq şakəri; Amerikanı quran afrikalı qullar…

Hələ 17-ci əsrdə, yəni 300 ildən çox qabaq Afrikadan Amerikaya qul daşımağa başlanıldı. İngilis kolonistlərinin ilk koloniyası 1607-ci ildə Ceyms-Taunda yaradılıb. Bu anti-bəşəri aksiyanı həyata keçirənlərin qarşısında dayanacaq heç bir qüvvə yox idi. 12 il sonra isə kolonistlər portuqaliyalılardan Anqola mənşəli afrikalı aldı. Bu qrup qaradərililər formal qul sayılmasa da uzunmüddətli və pozulma hüququ olmayan müqavilələrlə işləyirdilər. 1641-ci ildə Massaçusetdə qaradərililərin xidmət müddəti ömürlük oldu. Virciniyada 1661-ci ildə qanun qəbul edildi ki, ana ömürlük xidmətdəsə, onun övladları da ömürlük xidmətdədir.
Şimali Amerikanın cənubunda geniş tütün, düyü və s. plantasiyalar yaradılmışdı. Bu plantasiyalarda böyük işçi qüvvəsinə ehtiyac vardı. Amerikaya gətirilən qaradərili qulların əksəri Afrikanın qərb sahili məntəqələrindən idi. Mərkəzi və Cənubi Afrikadan, o cümlədən Şimali Afrika və Madaqaskar adalarından gətirilən qullar azlıq təşkil edirdi.
17-ci əsrin sonlarına qədər qul alveri Afrika Kral Kompaniyasının inhisarında idi. 1698-ci ildə monopoliya ləğv edildi, hər koloniya özü qul alveri ilə məşğul olmağa başladı. 1713-cü ildə İngiltərə qara-qul ticarətində imtiyaz əldə edəndən sonra qul alveri daha da genişləndi. Afrikada qul alverçilərinin agentliyi yaradıldı, bu agentliklər afrikalıları tutur, satışa hazırlayırdı. Afrikada bəzi qəbilə başçıları da bu agentliklərlə həmkarlıq edirdi. Bir qəbilə düşmən qəbiləyə hücum edib, əsir götürdüyü qaradərililəri agentliklərə satırdı. Qullar gəmilərə mindiriləndə dişlərinə qədər yoxlanılırdı. Hər qul 18-20 dollara satılırdı. 25 yaşı keçən qadınlar ucuz alınırdı. Gəmidə qullar üç qrupa bölünürdü: kişilər, qadınlar, uşaqlar. Gəmilərə azı 600 qul yerləşdirilirdi. Qul gəmidə qəbirdəkindən çox yer tutmamalıdır deyirdilər. Gəmilər 3-4 ay yol gedirdi. Gəmilərdəki həbsxanalarda vəziyyət dözülməz idi. Qulları qandallayırdılar, təbii ehtiyacları üçün də ayrıca yer nəzərdə tutulmurdu. Kapitanlar və dənizçilər istədikləri qara qızı, qadını zorlayırdılar. Amerikaya çatana qədər qulların əksəri ölürdü. Kimi xəstəlikdən ölür, kimi özünü öldürürdü. Altı quldan biri Amerikaya sağ çatırdı.
Amerikaya çatandan sonra qulları yedirir, sağaldır, satışa hazırlayırdılar. Qulların qiyməti dəyişirdi. 1795-ci ildə 300 dollara satılan qulun qiyməti 1849-cu ildə 900 dollara qalxmışdı. Vətəndaş müharibəsi dövründə qul 1500-2000 dollara satılırdı.
Qullar adətən tütün və pambıq sahələrinə aparılırdı. Gündə 18-19 saat işləmək məcburi idi. Gecələr qulları həbsxana kimi bağlı yerlərə salır, ətrafa it buraxırdılar. Plantasiyada işləyən qullar 7-10 ildən artıq yaşamırdı. Evlərdə qulluqçu kimi işləyənlərin vəziyyəti qismən yaxşı idi.
Qullar sahibkarın xüsusi mülkiyyəti sayılırdı və heç bir hüquqa malik deyildi. 1705-ci il “Virciniya qullar kodeksi”nə əsasən, qul sahibkarın yazılı icazəsi olmadan plantasiyanı tərk edə bilməzdi. Bəzi kodekslərə görə qulların savadlanması qadağan idi. Qaçan qulun qulağı, işləməyən qulun uşaqlarının əl-ayağı kəsilirdi. Sahibkar istədiyi qulu öldürə bilərdi və buna görə hətta cərimə də nəzərdə tutulmamışdı.
Qul yanında ağ adam olmadan yola çıxa bilməzdi. Yola çıxan qullar 7 nəfərdən artıq olmamalı idi. İstənilən ağ şəxs yolda rastlaşdığı qaradərilidən icazə kağızı tələb edə bilərdi. İcazə kağızı olmasaydı qula 20 şallaq vurmağa ixtiyarı çatırdı. Müqavimət göstərən qaradərilini edam gözləyirdi. Gecə saat 9-dan sonra evdə olmayan qaradərili 4-ə bölünürdü.
Afrikalılar heç vaxt müti qul olmayıb. Hələ Amerikaya çatmamış gəmidə qiyam qaldıranlar çox olub. Gəmi sahibləri məhz qulların qiyamı məsələsinə görə gəmini sığortalatdırırdı.
Qaradərililər ayrı-ayrı qəbilələrdən olsa da, fərqli dillərdə danışsa da koloniyaçılara qarşı birləşirdi. 1663-1863-cü illərdə Amerikada quların 250 qiyamı qeydə alınıb. Plantasiya sahibləri silahlı dəstə saxlayır, qulları bir an nəzarətsiz buraxmırdı. Plantasiyadan qaçan qullar şimalda hindulara sığınırdı. 1830-1860-cı illərdə şimal ştatlara 60 min nəfərə yaxın qul qaçmışdı.
1936-cı ildə Federal Yazar Layihəsinin iştirakçısı olan amerikalı yazıçılar hökumətin sifarişi ilə qullardan müsahibə alırdı. Beləcə “Sabiq qulların söhbətləri toplusu” çap edildi. Bu söhbətlərdən aydın olur ki, qulların vəziyyəti fərqli olub. Alabama ştatından 91 yaşlı Corca Yanqa deyir ki, sahibkar bizim yazıb-oxumaq istədiyimizi görsəydi əlimiz kəsilirdi. Kilsəyə getməyə də icazə verilmirdi. Eyni ştatdan 85 yaşlı Naysi Pyu isə öz qul həyatından razılıq edir, sahibkarın onlara yaxşı baxdığını deyir.
Məqalədə Diletant.Media saytının materiallarından istifadə olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir