BREND VƏ HAKİMİYYƏT

Brend ingilis dilində “brand” sözündən olub “damğa” mənasını bildirir. Adı, şöhrəti, birinciliyi, ticarət nişanı, loqosu ilə dünyada tanınan məhsul və ya xidmət brend sayılır. Hələ eramızdan 1,5-3 min il qabaq məşhur sənətkarlar öz məhsullarına nişan vurublar. Asiyada çini qablara, Romada əl işlərinə sənətkarlar öz nişanlarını həkk edib. Bu baxımdan damğa sözünün seçilməsi mümkündür.  Hər brendin ticarət nişanı varsa, bu o demək deyil ki, hər ticarət nişanı olan məhsul və ya xidmət brenddir. Yalnız Nike, Jordan, Adidas, Puma, Coca-Cola kimi dünyada tanınan şirkətlərin məhsulu brend sayılır. 1266-cı ildə İngiltərədə tənzimlənən qanuna əsasən, çörək-bulka istehsalçıları məhsulun üzərində ticarət nişanını göstərməli imiş. Bu qanunun məqsədi keyfiyyətsiz istehsalçıları müəyyənləşdirmək olub. Brendlərsə keyfiyyəti ilə məşhur olan məhsullardır.  İsveçrənin Gallet saat firması ən qədim brendlərdən sayılır. Dünya şöhrətli Gallet 1466-cı ildə yaradılıb və bu gün də öndə gedən saat istehsalçısıdır.

Sual yaranır ki, bir məhsul, və ya xidmət özü şöhrət qazanıb brend olur, yoxsa buna görə istehsalçı pul xərcləyir, reklam kompaniyası aparır? İstehsalçı öz məhsulunun brend olmasında maraqlıdır. Brend olmuş məhsulun hansı qiymətə, hansı yolla satılması problemi, yəni reallaşma çətinliyi aradan qalxır. Amma yaddan çıxarmayaq ki, pulu artan istehsalçıda İSTİSMARÇILIQ, İNHİSARÇILIQ meylləri güclənir, o nəhəngləşdikcə iqtisadiyyat hüdudlarını aşıb siyasi nəhəng olmaq istəyir. Bu bir faciədir!

Tramp üzərində danışaq. ABŞ-ın dünyanın problemlərini artırmış, bir ölkənin (Fələstinin, Suriyanın) işğal olmuş ərazilərini başqa ölkənin (İsrailin) ərazisi kimi tanımış, hətta yüksək rütbəli İran hərbi komandanının (General Qasim Süleymani) açıq şəkildə terroruna imza atmış sabiq prezidenti zamanında öz adını brendə çevirib. Tramp ən qalmaqallı, ən kobud, ən savadsız, ən iddialı kimi nominasiyalara real namizəddir. Trampın hətta saç düzümü brendə çevrilib. Trampın adının brendə çevrilməsi onun müstəsna biznes məharətlərindən danışmır. Bir çox iqtisadi fiaskolara məhz Tramp özü səbəbkar olub. Tramp yalnız brend olduğu, kapital sahibi olduğu üçün özünə bütün çirkin əməlləri icazəli görür. Açıq şəkildə diktator Ərəbistanı dəstəkləyir, açıq şəkildə terror şəbəkələrinə yardım göstərir.

Tramp 70-ci illərdə qərara gəlib ki, atasının şirkətini Tramp (Trump Organization) adlandırsın. Trampa ən çox şöhrət gətirən Nyu-Yorkda 58 mərtəbəli göydələn Trump Tower olub. Binanın 6 mərtəbəsi atrium – bir tavan altında açıq fəzadır, 13 mərtəbəsində ofislər yerləşir, 39 mərtəbəsi elit yaşayış üçün ayrılıb. Tramp o qədər paxıl, lovğa, qısqanc insandır ki, məntəqədə onun binasından hündür bina olmasın deyə ətrafdakı binaların hava fəzasını alıb. Yəni ətrafda binasını söküb yenidən tikmək istəyənlər, yalnız əvvəlki hündürlükdə bina tikə bilər. Binalardan yuxarıya fəza Trampındır!! Tramp o qədər şöhrətpərəstdir ki, başqa böyük şirkətləri də onun adından istifadə etməyə həvəsləndirir.  Trump Palace, Trump Plaza, The Trump World Tower, Trump International Hotel & Tower, The Trump Building adları belə yaranıb. O, 2008-ci ildə Trump Home markası ilə dünyanın “ən müstəsna döşəyi”ni istehasal etməkdən belə çəkinməyib: Tramp döşəyi!

Dünyanı biznes-oyuna cəlb etmək istəyən Tramp mizüstü oyunlar üzrə ixtisaslaşmış Milton Bradley şirkəti ilə həmkarlıq edib. Tramp monopoliyanı geridə qoyan bestseller yaratmaq istəyirdi. Oyuna qatılanlara 1 milyon dəyərində kapital verilirdi və qalib Nyu-Yorkda ən çox mülk alan oyunçu olacaqdı. Oyun iflasa uğradı. O zaman Tramp Kandidat adlı realite-şou aparıcısı idi. Beləcə otel və restoranlar sahibinin səs-küylü uğurları və səs-küylü uğursuzluqları prezident seçkilərinə yol açdı. Onu hamı tanıyırdı, Tramp brend idi!

Bir məhsulun brend olması onun sahibi üçün böyük maddi imkanlar yaradır. Bu maddi imkanlar adətən hakimiyyət hərisliyini gücləndirir. Trampın simasında bu məsələni yada saldıq. Brend böyük pullar deməkdir. Böyük pullar zəhmətlə yox, iqtisadiyyata hakimiyyətlə qazanılır. Ümumiyyətlə, pulla hakimiyyət ehtirası arasında sıx əlaqə var. Brendlər öz məhsulunu maya dəyərindən qat-qat baha satır. Brend olmayan keyfiyyətli məhsulu 30 faiz qazanca satmaq çətin olduğu halda brend məhsul adına görə 10-20 qat baha satılır. Brend yeni istehsal müəssisələrinin qarşısında böyük maneədir. Çünki yeni müəssisələr brend məhsullarla rəqabət apara bilmir. Hətta məcbur olur ki, öz məhsuluna saxta brend nişanı vursun. Qloballaşma bir ovuc insana xidmət etdiyi kimi brendləşmə də dünya iqtisadiyyatına azsaylı milyarderlərin nəzarətinə kömək edir. Amerika brendləri – Coca-Cola, McDonalds, Nike kimi şirkətlər dünya miqyasında milli istehsalın ən böyük düşmənləridir. Bundan əlavə, həmin brendlər Amerikanın ekspansionist siyasətlərinin həyata keçməsinə kömək edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir