ABŞ-ın əlləri qana batıb!

Qaranlıq keçmişə malik Talibanın hazırda hansı siyasət yürütdüyü aydın deyil, bu zaman aparacaq. Baş verən hadisələri təhlil edəndə taliblərin Amerika ilə razılaşdırılmış hərəkət etdiyi nəzərə gəlir. Elə son hadisə də bu fikri təsdiqləyir. Xəbər verilir ki, taliblər Qətərdə ABŞ nümayəndələri ilə müzakirədə humanitar kömək göndərilməsinə nail olublar!! Şəxsiyyətdən, zora əyilməməkdən dəm vuran Taliban necə olur ki, 20 il əfqan xalqına divan tutmuş rejimdən kömək umur və bu köməyi həvəslə qəbul edir? Müəmmalıdır!

Amerikanın istənilən dünya ölkəsinə humanitar yardımı siyasi mənafelərə xidmət edir. Bu dəfə də Talibanla iki günlük danışıqlarda vəd edilən humanitar yardım arxasında çirkin niyyətlər dayanır.

Hamını düşündürən bir sual var. Nə üçün böyük miqdarda ABŞ silah-sursatına malik Əfqanıstan hökuməti ölkəni müqavimətsiz təslim etdi? Həmin silahlar da Talibanın ixtiyarına keçdi. Əgər ABŞ-ın göstərişi ilə hərəkət edən hökumət belə addım atıbsa, Vaşinqton özü Talibana yol açıb. Qətər görüşündə də tərəflər diplomatik əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar. 

BMT TŞ-də Çin və Rusiya Belçika, Almaniya, Küveytin Suriyaya humanitar yardım göndərməsinə veto qoyub. ABŞ da öz müttəfiqləri ilə Rusiyanın alternativ layihəsinə veto ilə cavab verib. Sabiq dövət katibi Pompeo deyib ki, “onlar əllərini qana buladılar…” Bu sözləri eyni tonda ABŞ-a ünvanlamaq olardı. Çin akademiyasının təmsilçisi Tyan Venlin deyib ki, Suriyadan danışırıqsa məhz ABŞ-ın əlləri qana batıb. Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Czyun Çinin Suriyada humanitar yardıma xüsusi əhəmiyyət verdiyini bildirib. Çinin mövqeyinə görə Suriyaya Suriya hökuməti cavabdehdir və humanitar yardımlara da hökumət nəzarət etməlidir. Amerika bayrağı altında humanitar yardımlar isə sabitliyin pozulmasına xidmət edir. Rusiyanın BMT-dəki nümayəndəsi Nebenzya deyib ki, qərbin Suriyaya humanitar yardımı terrorçuları xilas etmək üçündür. Bu humanitar yardım qanuni hökumətə qarşı olan müxalif qüvvələri möhkəmləndirir.

ABŞ-ın hərbi təcavüzü onun humanitar yardımlarından az fərqlənir. Hətta humanitar yüklərdə silah-sursat göndərilməsi faktları da var. Vaşinqton Əfqanıstanda 20 il dinc sakinlərə atəş açıb, xalqın başına bomba yağdırıb. Amerikanın Əfqanıstandakı insan əleyhinə cinayətləri tarix boyu unudulmayacaq. Müdafiəsiz insanların aviazərbələrə məruz qalması, işgəncə və zorlamalar, məktəb və xəstəxanaların bombalanması bu cinayətlərin kiçik bir hissəsidir. Bu cinayətlərin bir qismi hüquqi qiymətini almalıdır. 2012-ci ildə Qəndəharda 17 müki əfqanın “Sərhədsiz həkimlər” xəstəxanasında raketlə vurulması, 2015-ci ildə Qunduzda toy mərasiminin atəşə tutulması, Baqram və digər gizli həbsxanalarda məhbuslara işgəncə verilməsi misal ola bilər.

Dünyanın nüfuzlu hüquq müdafiə təşkilatlarının ardıcıl müraciətlərindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsi 2020-ci ildə razılıq verib ki, Amerikanın Əfqanıstandakı hərbi cinayətləri araşdırılsın. Bu məhkəmənin prokuroru Fatu Bensudun sözlərinə görə, əldə edilən məlumatlardan aydın olur ki, ABŞ hərbi qüvvələri 2003-2004-cü illərdə işgəncə və seksual zorakılığa yol verib. 2017-ci ildə Amerika HHQ-i Nənqərhar əyalətində “Bombaların anası” deyilən qeyri-nüvə bombasından istifadə edib. Dövrün sabiq prezidenti Həmid Karzay bu addımı ekologiyaya, ətraf mühitə qarşı cinayət adlandırıb. Bomba atılan ərazidə 50 il və daha artıq yaşayış mümkün olmayacaq. 2008-ci ildə Şindand şəhərinin bombalanması nəticəsində 90 mülki əfqan həyatını itirib.

Amerikanın antiterror əməliyyat adı altında hərbi müdaxiləsi Talibandan əlavə İŞİD-in Əfqanıstanda peyda olmasına şərait yaratdı…

Bütün bu faktlardan sonra hansı humanitar yardıma inanmaq olar! İraqda da, Suriyada da, dünyanın istənilən nöqtəsində Amerikanın humanitar yardımı xalqlara əzab gətirir. Ey cinayətkar ABŞ, dünyadan əl çək, bu humanitar yardımları öz ölkəndə küçədə gecələyən ac insanlara ver! Amma dünyanı rahat burax!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir