ABŞ: intihar epidemiyası

Ötən il Amerikada intihar epidemiyasının növbəti qurbanı xüsusitəyinatlı serjant oldu. Minlərlə müharibə veteranı intihara üz tutmaqdadır.
Statistikaya görə ABŞ-da hər gün iyirmiyə yaxın veteran öz həyatına son qoyur. 2020-ci ilin Müstəqillik Günündən bir neçə gün sonra yaşılberet Endryu Mürkesano özünü qətlə yetirib. Markesano 6 dəfə Əfqanıstana, bir o qədər də başqa qaynar nöqtələrə ezam edilib. ABŞ hökumətinin veteranların intiharının qarşısını almaq üçün təlaşları hələ ki nəticəsizdir.
Remark Birinci Dünya Müharibəsi veteranlarının ruhiyyəsi barədə yazırdı: “Biz müharibədən qayıdanda hansı vəziyyətdə idik – uçmuş şaxtadakı şaxtaçılar kimi ümidsiz!” Bu, istənilən hərbi konfliktdə iştirak edənlərin emosional durumudur və ABŞ hərbçiləri də istisna deyil.

Həlak olmuş döyüş yoldaşları ilə bağlı xatirələr, dinc həyatda özünü tapmaq zərurəti veterana yük olur və bu yükün öhdəsindən hamı gələ bilmir. Remarkın dediyi kimi, onlar qəddarlaşmışlar, heç kimə inanmırlar və ötən günləri unuda bilməyənlər içkiyə qurşanır.
Yoldaşları Markesanonu Amerika Kapitanı adlandırır, onu superqəhrəmana bənzədirdilər. O isə həyat yoldaşının gözü qabağında özünü öldürdü, üç uşağı qaldı.
Meydandakı düşmənə qalib gələn yaşılbereti içindəki düşmən məğlub etdi – yazır Fox News. Onun təltif siyahısı samballıdır. Yaxın keçmişdə Pentaqonda iş almışdı, Vaşinqtonun ətrafında Aleksandriyada xidmət edirdi. O, batalyon komandiri ilə şam yeməyindən sonra özünü öldürmüşdü. Xidmət yoldaşları deyirdilər ki, Markesano 2009-cu ildə Qəndəhar yaxınlığındakı ezamiyyəti yaddan çıxara bilmirdi. Həmin ezamiyyət zamanı 508-ci piyada polkunun ikinci batalyonunda bütün Əfqanıstan müharibəsinin ən böyük itkisi qeydə alınmışdı. Arqandab hadisələri barədə kapral Lukas Kollum danışır. O deyir ki, biz patrul gəzintisi zamanı hər gün minaya düşürdük və yoldaşlarımızın çoxu Əfqanıstandan ayaqsız, əlsiz qayıtdı. Kollum deyir ki, həmin ezamiyyətdə 110 nəfərdən 3 nəfər ölüb, 50 nəfər yaralanıb.
İntihardan bir neçə gün qabaq Markesano hərbçi yoldaşlarına mesaj yazıb: “Yazıçılar və rejissorların çoxu bizim başımıza gələnləri işıqlandırmağa cəhd də etməyiblər. Bu yara dərinləşəndə biz bir-birimizin köməyinə tələsməliyik, xatirələrə təslim olmadan!” Markesanonun mesajını elə həmin batalyondan olan Allen Tomas da ala bilmədi: Tomas 2013-cü ildə tibbi yardım ala bilmədiyi gün qonşularını və özünü güllələmişdi. O hələ də Əfqanıstanda olduğunu, düşmənlərlə əhatə olunduğunu düşünürdü…
ABŞ ordusunda intihar təkcə veteranların ölümü ilə başa çatmır. Qayıdaq mülki həyata. Amerikada istisnasız olaraq bütün sosioloqlar hesab edir ki, intihar ölkədə epidemiyaya çevrilib. İntihardan ölənlərin sayı qətllərin sayından 2,5 dəfə çoxdur. Ekspertlərin nəzərincə, bu epidemiya ilə mübarizədə ilk iş ailə dəyərlərini dirçəltməkdir.
İntihar Amerika həyat tərzinə üz tutan əksər cəmiyyətlərin əsas problemidir. Dünyada ildə 800 min insan özünü öldürür: 40 saniyədə bir nəfər. Mütəxəssislərin bir qismi hər ölkədə fərqli intihar səbəbi olduğunu bildirir. Ölkənin inkişaf etmiş iqtisadiyyatı intiharın qarşısını ala bilmir. Cənubi Koreyada 1982-2011-ci illərdə intihar 4 dəfə çoxalıb. Bu ölkədə 40 yaşadək insanlar arasında ölümün əsas səbəbi intihardır. Cənubi Koreyada 100 nəfərdən ibarət mobil qruplar intihara qarşı monitorinq keçirir, intihara maraq yaradan saytlar qapanır.
ABŞ-da 2019-cu ildə intihar epidemiya elan edilib. 1999-2016-cı illərdə intihar göstəricisi 33 faiz artıb. Maraqldır ki, Dünya Bankı 2000-2016-cı illərdə dünyada intihar göstəricisinin aşağı endiyini bildirir. Amerikada artır, dünyada azalır!! Nobel mükafatı laureatı iqtisadçı Anqus Diton və xanımı Enn Keysin Prinston Universitetində apardığı araşdırma da maraqlıdır. Neue Zürcher Zeitung qəzeti yazır ki, insanları yoxsulluqdan xilas etdiyi üçün kapitalizmi tərifləyən Diton etiraf edib: amerikalıların orta ömür uzunluğu azalıb, intihar göstəricisi sürətlə artıb. Diton intiharın əsas səbəbi kimi alkoqol və narkotikanı göstərir.

Enn Keys deyir ki, Amerikada 20-29 yaş arası gənclərin yarısı heç bir dinə bağlı deyil. Hansı ki, əvvəllər dini etiqad ABŞ cəmiyyətinin əsasını təşkil edib. Bütün bu faktorlar insanların tənhalaşmasına gətirib çıxarır. Sosioloq Robert Patnem bu tənhalığı insanın özü ilə boulinq oynamasına bənzədir. (boulinqdə sıra ilə düzülmüş keqlya adlanan kuklalar topla vurulub aşırılır) Ailə dəyərlərinin aradan qalxması, ailə institutunun dağılması intiharın əsas səbəblərindəndir – mütəxəssislər yekdil olaraq bu fikirdədir.
Təbii başqa səbəbdən intiharlar da var. Ağır xəstəliyinə qarşı ancaq ağrıkəsici nüsxələr yazılan xəstələr ümidsizləşir. Amerikanın həm də evtanaziyanın vətəni adlandırılması təsdüfi deyil. Evtanaziyanı qanuniləşdirilmiş intihar adlandıranlar yanılmır.
Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır. Evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Bekon tərəfindən işlədilib. Lakin Hippokrat dövründən bu günə qədər ənənəvi tibb etikasına belə bir qadağa daxildir: Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm!
Hollandiya ilk ölkədir ki, orada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. ABŞ ikinci yerdə gəlir. Oreqonada 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən sayılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir