ABŞ: narkotika, alkoqol, kazino, ateizm…

ABŞ bir zaman ən dindar əhalili ölkə sayılsa da hazırda insanlar sürətlə ibadət yerlərindən üz çevirməkdədir. Qallup sorğu mərkəzi bildirir ki, 1999-cu ildə əhalinin 70 faizi ibadət yerlərinə gedirdisə, bu faiz 47-ə enib.

ABŞ-da Pew Research Center  mərkəzi yeni sorğu keçirib. Məlum olub ki, ibadət yerlərinin ziyarəti stabil şəkildə azalmaqdadır. Dini mənsubiyyəti olmayan amerikalıların sayı xeyli artıb. Özünü məsihi (xristian) sayanların da sayı azalır.

2018-2019-cu illərdə gerçəkləşən telefon sorğusuna görə yaşlı amerikalıların 65 faizi özünü məsihi sayır. Amma eyni göstərici 2009-cu ildə 77 faiz olub. Özünü ateist, aqnostik adlandıranlar, dini mənsubiyyəti olmayanların da sayı artıb: 17 faizdən 26 faizə!

Pew bildirir ki, həm protestantlar, həm də katoliklərin mövqeyi zəifləməkdədir. 2009-cu il soruğusuna görə amerikalıların 51 faizi özünü protestant sayıb. Son sorğuda bu rəqəm 43 faizədək azalıb. Katoliklərsə 2009-cu ildə 23 faiz idisə, son sorğuda 20 faiz qeydə alınıb. Ateistlərinsə sayı artır. On il ərzində ateistlərin payı 2 faizdən 4 faizə qalxıb. Aqnostiklər 3 faizdən 5 faizədək çoxalıb. Heç bir dində olmayanlar 12 faizdən 17 faizə qədər artıb. Bütün bu dəyişikliklər seks, LGBT-nin gündəmi zəbt etdiyi dövrdə baş verir.

Son on ildə ayda ibadət yerlərini bir ya iki dəfə ziyarət edənlərin sayı 7 faiz azalıb.

Pew-in hesabatına görə dini mənsubiyyət məsələsində yaş təbəqələri arasında fərq aşkardır. Bebibumerlərin (52-70 yaş) 75 faizi özünü məsihi sayır. Millenialların (20-35 yaş) cəmi 49 faizi məsihi olduğunu deyir.

Amerikalıların dindar millət reputasiyası var. Maraqlıdır ki, belə bir vəziyyətdə ateistlər də çoxdur.

Dünyəvilik avropalıların qabarıq xüsusiyyəti olsa da, aralarında dindarlar çoxdur. Belə çıxır ki, Avropada yeni dindarlıq modeli yaranır.

15 region ölkəsində 25 min nəfərlə sorğudan sonra Pew üç qanunauyğunluq tapıb. Əvvəla, ümumilikdə amerikalılar avropalılardan (qərbi avropa) daha dindardır. Belə suallar uyğun qənaəti formalaşdırıb: Siz Allaha inanırsız? Siz hər gün ibadət edirsiz?  İkincisi, amerikalı nonlar – qeyri-dindarlar avropalı nonlarla müqayisədə daha dindardır. Təbii ki, dindən Allaha inam və ibadət çıxarılsa, qeyri-müəyyənlik yaranar.

Üçüncüsü, amerikalı nonlar da amerikalı dindarlar kimi mistikdir, mövhümatçıdır.

Amerikada dini atributlar o qədər çoxdur ki, inanmayanlar da buna bağlı görünür. Ateist kilsələri bir nümunədir. Din çıxılsın (minus) Allah formullu yerlər insanları mənəvi dəyərlərə ehtiyaclı olduğunu göstərir. Ateistləri birləşdirən Qasis şəbəkəsinin on şəhərdə filialı var. Onlar hər bazar günü bir yerə toplanıb dini mahnılar oxuyur. Özünü ateist elan edən LGBT-nin bir yerə toplanıb dini mahnı oxuması, katolik mərasimlərində məşhurların mələk qanadı taxıb iştirak etməsi ənənəvi məsihiləri qəzəbləndirir. Amerikada adi olan belə hadisələri Fransa üçün təsəvvür etmək olmur.

Pew-in hesabatına görə qərbi avropa əhalisi özünü məsihi saysa da, bu daha çox ənənələrə bağlılıqla izah olunur. Bugünkü avropalılar postxristian adlandırılır.

Sorğuya görə avropalıların 11 faizi özünü dindar yox, mistik adam sayır. Bu mistiklik xristianlıqla ateistlik arasında bir mərhələdir. Mistik insanlar dindar xristianlardan fərqli olaraq xristianlığı tənqid edir, razılaşmadıqları ayinləri bildirirlər.

Pew-ə görə, qərbi avropalıların əksəri ruha inanır. ABŞ-la müqayisədə avropa daha çox sekulyarlaşıb. Alimlərə görə bunun tarixi kökləri var. Kaliforniya Universitetinin professoru Cozef Blankxolma görə ateizm, sekulyarizmin vəziyyətinə soyuq müharibə xüsusi təsir göstərib.

O deyir: 1950-ci illər Amerikanın ən dindar illəridir. O zaman  «In God We Trust» xalqın rəsmi devizi olub. Allah amerikalılar üçün vətənpərvərlik atributu idi. Trümen və Eyzenhauer allahsız kommunizmə qarşı düşüncəli qaydada belə bir dindarlıq formalaşdırırdılar. Demək, Amerikanın xristianlaşdırılması soyuq müharibə silahlarından olub. Zaman keçdikcə bu silah gücdən düşüb. Hazırda amerikalıların 25 faizi dini aspektdən neytral insanlardır.

Pew bildirir ki, amerikalıların 27 faizi özünü ruhani sayır, amma dindar olmadığını bildirir. Kilsəyə getməsələr də Allaha inanır, dua edirlər.

Dindar kütlənin dinə etinasız olması nə ilə bağlıdır? Koronavirus bütün sahələrdə süstlük yaradıb, bu öz yerində. Deyirlər əsas səbəb nəsil dəyişməsidir. Nə üçün yeni nəsil öz mənəvi qidasından, dindən uzaq düşməlidir. ABŞ üçün səbəblər göstərilir:

-Amansız kapitalizm şəraitində yalnız qazanc barədə düşünən valideynlər övladlarının dini tərbiyəsi ilə məşğul olmur. Yaxın keçmişdə əksər ailələr körpə yaşdan övladlarına dini etiqad təlqin edərdi…

-Ağır işdən sonra insanlara təklif olunan istirahət içki, narkotika, qumarsa, hanıs dindən söhbət gedə bilər…

-İnternet, daim seks, erotika fəzasında olmaq insanları paklıq hissindən qaçırır…

-Bir zaman dini etiqad təhsildə, işə qəbul ediləndə imtiyaz sayılırdısa, bu meyar aradan qalxıb. Əksinə dindar gənc qadınlar daha çətinliklə iş tapır…

-Dünya miqyasında sekulyar düşüncə təbliğ edilir…

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir