Amerika nə üçün silah satır və Amerikadan nə üçün silah alırlar?

Əvvəla, silah alveri ən gəlirli biznes kimi birinci yerə iddialıdır. Amerika nəhəng gəlirinə görə silah satır deyə bilərik. Amma ABŞ-dan silah alanlar çox vaxt üstün keyfiyyət və sərfəli qiymətə görə yox, Amerikanın himayəsini qazanmaq, Amerikadan güzəşt almaq, bir sözlə, siyasi məqsədlərlə bu işi görür. Vaşinqtonun dünya ilə ritorikası “almalısan”, “etməlisən” ritorikasıdır. Trampın sağmal inək adlandırdığı Ərəbistan da əslində silahdan çox Ağ Evin himayəsindən bəhrələnməyi planlaşdırır.
İki il öncə Qafqazda münaqişə tərəflərinə silah satmaq fikrinə düşmüş ABŞ prezidenti Trampı yalnız pul maraqlandırır. O zaman ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Con Bolton demişdi:
“Bizim texnika, istənilən halda, Rusiya texnikasından yaxşıdır. Ona görə, belə bir imkanı nəzərdən keçirmək istəyirik.” Bizim silah daha yaxşı öldürür – deyə bilərdi. Amma münaqişə tərəfləri silah xatirinə silah almır. Regionun tanınmış eksperti deyir: “Bizim ABŞ silahına ehtiyacımız yoxdur. Trampın müşaviri ABŞ-ın region ölkələrinə silah satmaq ehtimallarından danışarkən “Rusiyaya mesaj” yollayıb.” Başqa bir ekspert deyir: “Bəllidir ki, silah olan yerdə, hərbi iştirak da mövcuddur. ABŞ rəsmisinin belə bir bəyanatı münaqişə tərəflərini müharibəyə “sövq edir”.


Təbii ki, silah alverçiləri və bu siyahıya liderlik edən ABŞ-a silah satmaq üçün münaqişə lazımdır. Silah satışında elə bir ehtiras var ki, demokratiyadan danışan ABŞ qanunları ayaq altına alır. Yəmənə hərbi təcavüz etmiş Ərəbistana silah satmaq məsələsi ortaya çıxanda ABŞ-da Nümayəndələr Palatasındakı Demokrat millət vəkilləri, Kaliforniya ştatından demokrat millət vəkili Ted Lieu Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinə silah satışının qarşısını alacaq qərar layihəsi təqdim etdi. ABŞ Konqresi bu ölkənin ekspansionist siyasətlərinin əsas dayaqlarından olsa da, ara-sıra uyğun siyasətə etirazlar da eşidilir. Lieu verdiyi açıqlamada ABŞ-ın silah satışı prosesinin, satışın ölkənin maraqları və qanunlarına uyğun olmasının gözdən keçirilməsi məqsədilə konqresin təsdiqini də əhatə etdiyinə toxunaraq, Tramp rəhbərliyinin sözü gedən satışların bu standartlara uyğun olmadığını bildiyini və həmin səbəbdən də fövqəladə vəziyyətə əl atdığını ifadə edib. Nümayəndələr Palatasının Demokrat üzvləri Devid Cicilline, Abigail Spanberger və Tom Malinovski də xüsusilə həssas idarə olunan bombaların transferi ilə əlaqədar qərar layihəsi təqdim etdi. Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi ölkələrdə silah satışlarında Konqresin təsdiqi olmadan “fövqəladə vəziyyət” səlahiyyətindən istifadə etməyə qərar verdi.


Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) tədqiqatına əsasən, ABŞ silah istehsalı sahəsində dünyada birinci yeri tutur. 2017-ci ildə TOP-100 SIPRI-yə daxil olmuş 20 ən iri şirkətdən 11-i ABŞ-da və Qərbi Avropa ölkələrində, 3-ü Rusiyada yerləşib.
Ən pisi budur ki, silah alverçiləri müharibədən qazanır. ABŞ-ın İkinci Dünya Müharibəsindən qazancı onun sonrakı siyasətlərində təyinedici oldu. ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbbəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları ötüb keçdi. ABŞ Silahlı Qüvvələri döyüş texnikasına və sayına görə dünyada birinci yeri tuturdu və tərkibində 12 milyondan çox əsgər və zabit vardı. ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da SSRİ ilə müqayisədə 70 dəfə az idi. Müharibədən sonra o, dünya sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızıl ehtiyatlarının isə 53,3%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi.
NATO-nun yaradılması həm də ABŞ-ın silah biznesinin genişləndirilməsinə xidmət edirdi. ABŞ hökumətinin NATO üzvü olan dövlətlərin hərbi qüvvələri haqqında status konvesiyası 1951-ci il iyunun 19-da imzalandı və 1953-cü ilin avqustun 23-də qüvvəyə mindi. Konvensiyaya əsasən, ABŞ blok üzvlərinin ərazilərində özünün hərbi bazalarını yarada bilərdi, bu hüquq Avropa dövlətləri üçün də sabit idi. İstənilən ölkə ərazisində yerləşdirilən ABŞ bazalarının xərci həmin ölkələrin büdcəsindən ödənirdi.


Sözdə tərki-silahdan danışan, özünü dünyada sülhün dayağı kimi göstərmək istəyən Vaşinqton əslində sürətlə silahlanır, silahlarını modernləşdirir. 2002-ci ildən silah satışlarının statistikasını dərc edən dünya problemləri üzrə Stokholm İnstitutunun statistikasına əsasən, 2016-cı ildə silah satışının ümumi həcmi 374,8 milyard dollar həcmində olub ki, bu da 2010-cu il ilə müqayisədə 1,9 faiz, 2002-ci il ilə müqayisədə isə 38 faiz çoxdur. Artıma ABŞ hərbi sənaye kompleksi liderlik edir. Reytinqə daxil olan Amerika kompaniyalarının ötənilki silah satışlarının həcmi 4 faiz artaraq 217 milyard dollara çatıb. Dünyada hərbi təyyarələrin və raket sistemlərinin ən böyük istehsalçısı olan Lockheed Martin şirkətinin satışlarında 10 faiz artım olub. Hazırda dünyanın silah satışı üzrə ilk beş kompaniyasının beşi də ABŞ kompaniyasıdır: Lockheed Martin, Boeing, Northrop Grumman, Raytheon və General Dynamics. Əlavə edək ki, ABŞ silahının əsas müştərilərindən biri də Amerika xalqıdır. Amerika xalqı silahlanır və ölkə hər gün ötən günkündən daha kriminaldır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir