Apple-in uydurma yaşıl imici

Məhsulları ilə dünyanı fəth edən Apple doğrudanmı möcüzələr yaradır?

Apple kimi böyük korporasiyalar istehsaldan daha çox marketinqdə məhsulu dünyaya təklif etməkdə məharət sahibidir. Təbii ki, məhsulun dəyərini aşan təbliğat qəbul edilməzdir. Bu bir növ müştərini aldatmaqdır. Dünyanın lider brendlərindən olan Apple-in kifayət qədər lider imicinə uyğun gəlməyən mənfiləri var. Məsələn, korporasiyanın işçi qüvvəsi ciddi bir sualdır. Apple qul əməyindən istifadə edir deyə bilərik. Korporasiyada ağır iş şəraitinə görə intihar hadisələri də qeydə alınıb. China Labor Watch Apple-in iş şəraiti haqqında ciddi hesabatlar yayıb.

Apple özünə yaşıl imic yaradır. Guya şirkətin fəaliyyətlərində ekologiyaya zərərli heç bir faktor yoxdur. Hansı ki, 2014-cü ildə şirkət məhz təbiətə zərərli fəaliyyətlərinə görə böyük məbləğdə cərimələnib. Şirkətin ABŞ-dakı fəaliyyətləri qismən qanuni və ekolojidir.

Şirkətin xüsusi polisinin olması onun nüfuzu üçün heç də müsbət dəyərləndirilmir. Təhlükəsizlik şöbəsi adlandırılan gizli polis xidmətinin işi hər bir işçiyə şirkətin sirlərini yaymamaqda nəzarət etməkdir. Apple-in məşhur satış şəbəkələrində qismən ucuz qiymətə “bərpa olunmuş (refurbished) qurğular da satılır. Bu mallar hər hansı səbəbdən anbara təkrar qayıtmış mallardır. Apple bu malları nisbətən ucuz qiymətə təklif edir. Müştəri üçünsə həmin malı satış şəbəkəsində təyin etmək demək olar ki, mümkünsüzdür.

Şirkətin vergidən qaçması ona hörmət gətirmir. Apple Amerika tarixinin vergidən ən çox yayınan şirkətidir. Məhsulunun böyük bir hissəsi Amerikanın özündə satılan Apple bu məhsulları ucuz başa gəlsin deyə xaricdə istehsal etməyə üstünlük verir. Xaricdəki iş şəraiti Amerikada qeyri-məqbul sayıla bilər. Xaricdə fəaliyyətin əsas səbəbi isə vergidən yayınmaqdır. Apple İrlandiyadakı offşor şirkətləri ilə məşhurdur.

Apple-ə qarşı ən böyük ittihamlardan biri istehsalda “qanlı almazdan” istifadə olunmasıdır. Kolumbid tantalit adlanan mineral (koltan) Konqoda istilaçı müharibə zamanı qəsb olunmuş məhsuldur. Buna görə bəziləri Apple-in mobil cihazını “qanlı iPhone” adlandırır.

Apple Samsung-a qarşı hətta məhkəmə iddiaları ilə özünü lider şirkət kimi tanıtdırmağa səy göstərir. Əslində bu şirkətin məhsulları başqa şirkətlərin məhsulları kimi istehsal iradlarına (defekt) malikdir. iPhone-un insanların əlində və qulağında partlayan cihazlarında şirkət günahsız deyil. Apple iddia edirdi ki, bu hadisələr ona aid olmayan saxta batareyalarla bağlıdır. Amma Çində dünya miqyasında təsdiqini tapmış “bağlı qutuda partlayan iPhone” hadisəsi Apple-in günahsız olmadığını göstərdi. Apple həvəskarları da bu fikirdədir ki, Apple “planlaşdırılmış nimdaşlaşma” nəzərdə tutur. Qurğunun yeni versiyası üçün bazar açmaq məqsədi ilə əvvəlki versiyaya ömür təyin olunur. Siz onu nə qədər ehtiyatla işlətsəniz də ömrü başa çatanda dəyişməyə məcbursunuz.

Bir zaman “bulud” (cloud) texnologiyası böyük irad sayılırdı. Bu səbəbdən bəzi şirkətlər bu məsələni işıqlandırmamağa səy göstərir. Bulud texnologiyası deyəndə cihaz sahibinə məxsus məlumatların onun əlindəki cihazda yox, şirkətə məxsus “bulud”da – bazada saxlanması nəzərdə tutulur. Bu texnologiya bir tərəfdən istifadəçinin yaddaş məhdudiyyəti problemini aradan qaldırır, digər tərəfdən şəxsi məlumatların təhlükəsizliyi üçün ciddi irad sayılır.

Apple öz məhsullarının defekt səbəbindən dəyişdirilməsində süründürməçi şirkətlərdən fərqlənmir. Zəmanətlə alınmış cihazda bir neçə gün sonra istehsal defekti aşkar olarsa onu yeni cihazla dəyişmək asan məsələ deyil. Əgər bir satış şəbəkəsi sizin üçün yubanmadan bu işi görürsə, Apple-ə yox, həmin şəbəkəyə minnətdar olmaq lazımdır.

Söhbətimizi bir tövsiyə ilə tamamlayırıq. Apple məhsullarının, xüsusi ilə iPhonun yeni versiyasını almağa tələsməyin. Həm qiymətdə uduza bilərsiniz (yeni markanın ilkin qiyməti qısa müddətə çox baha olur), həm qurğuda layihə iradları üzə çıxa bilər.

Müəllif: Fuad Əlizadə

Məqalədə Novata.ru saytının materiallarından istifadə olunub

One thought on “Apple-in uydurma yaşıl imici

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir