Coca-Colanın qazına aldanmayın!

Dioksid karbon (CO2) rəngsiz, demək olar ki, qoxusuz bir qazdır. Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Qazlı suyun insan orqanizminə təsiri uzun illərdir araşdırılır və qənaətlər fərqlidir. İddia edənlər var ki, adi qazlı su mədəyə, sümüklərə, dişlərə zərərlidir. Əgər qazlı suya şirinlik də əlavə olunarsa bu suyun orqanizmə zərəri qətidir.
Məşhur misaldır ki, paslı dəmiri, pul sikkəsini Coca-Colaya atın və səhər parıldayan metal götürün. Bunun səbəbi Coca-Colanın tərkibindəki fosfor turşusudur. Fosfor turşusu dəmiri örtmüş pası qısa bir zamanda təmizləyir.
Qazlı su adi suya dioksid-karbon əlavə etməklə yaranır. Faktiki olaraq su karbonat turşusu məhluluna çevrilir. Qazlı su dispepsi, çətin həzmə kömək edir. Yapon alimləri düşünür ki, qazlı su hətta çox içildikdə onun faydaları var. 250 ml qazlı su mədədə 900 ml qaz yaradır. Buna görə də qazlı su içənlərin aclığı aradan qalxır. Beləcə, həkimlər qarınqululuğu aradan qaldırmaq üçün qazlı su məsləhət görür. Amma Coca-Cola yox!

Bəlkə qazlı su mədəyə zərərli olmasa da, sümüklərə zərərlidir? Fosfor turşusu sümüyün kalsiumla qidalanmasına mane olur. Bəli, Coca-Colanın tərkibində olan fosfor turşusu! Kanadalı tədqiqatçıların 2001-ci ildəki araşdırmalarına əsasən, şirin qazlı sular, xüsusilə Coca-Cola sümük hüceyrələrinin kalsium ehtiyacının ödənməsinə mane olur. Bəziləri şirin qazlı suya adət edənlərin süddən imtina etməsini, südü gündəlik rasiondan çıxarmasını əsas səbəb kimi göstərir. Bostonun Tafts Universitetinin layihəsinə əsasən 2500 şəxs dörd ildən bir analiz verir, müayinə edilir. Layihə sümük hüceyrələri ilə qazlı su arasındakı əlaqəni araşdırır. Araşdırmanın nəticələrinə əsasən, həftədə üç dəfə Coca-Cola içən qadınların çanağında mineral sıxlığı aşağıdır.
Dişlər necə, qazlı Coca-Cola dişlərə necə təsir göstərir? Tədqiqatlar göstərir ki, sümük toxumalarının zədələnməsində qazlı şirin sulardakı kofein və fosfor turşusu təsirlidir.
Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır: insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması. Amma bütün bunlar protokol qaydalarıdır, istehsal isə öz işindədir.
Hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Bu əlavələrə aromatizatorlar, boyayıcı maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s. aiddir. Qida əlavələrini adlandırmaq üçün xüsusi standartlardan istifadə edilir.
Avropada qida məhsulunun istehsalı zamanı qida əlavəsi istifadə edilmişdirsə, onun kodu mütləq məhsulun nişanlanmış üz qabığında qeyd edilir. Məsələn, E338 kodunda E məhsulun Avropada istehsal edildiyini, 338 isə tərkibində fosfor turşusunun olduğunu bildirir.
Qida əlavələri kimyəvi və təbii yolla əldə edilir. Bunların tərkibində olan birləşmələr qida məhsullarının keyfiyyətini qoruyur, tez xarab olmasının, o cümlədən zərərli və xəstəlik törədən mikroorqanizimlər və onların toksinləri, yəni zəhərləri ilə çirklənməsinin qarşısını alır.
Qazlı alkoqolsuz içkilər daha çox diqqət mərkəzindədir, xüsusilə Coca-Cola. Coca-Colanın istehsalında E950 – Asesulfam kalium, E951 – aspartam (şəkər əvəzedici), E338 – ortofosfat turşusu, E211 – natrium benzoat kimi əlavələrdən istifadə edilir.


Adi qazlı sularda bu əlavələrdən istifadə olunmur. Mədəyə, sümüklərə, dişlərə təhlükə törədən şirin qazlı sulardır. 2007-ci ildə Memfisdə Tennesseyski Universitetinin mütəxəssisi Barri Ouens müqayisəli təcrübə aparıb. Ən böyük turşuluq Coca-Colada aşkarlanıb. Ouens qeyd edir ki, içkinin başlanğıc tərkibindəki turşuluğun miqdarından çox onun orqanizmdə neçə müddət qalması əhəmiyətlidir. Suyu çöplə içəndə dişlər qismən də olsa qorunur. Əlbəttə bunun mədəyə, ümumi sümük quruluşuna faydası olmur. Cənubi İllinoys Universitetinin mütəxəssisi Punam Caynın təcrübələri təsdiqləyib ki, şirin qazlı sular dişin mina qatını dağıdır. 4 il hər gün 1,5 litr Coca-Cola içmiş və dişləri dağılmış bank işçisi barədə 2009-cu ildə mətbuat yazmışdı. Təcrübələr göstərir ki, adi qazlı suyun turşuluğu şirin qazlı suyun turşuluğunun cəmi 1 faizini təşkil edir.
Suyu necə içmək böyük əhəmiyyət daşımasa da, təsirsiz deyil. Bəziləri sudan daha böyük ləzzət almaq üçün onu ağzında saxlayır, tədricən içir. Coca-Colanı atmaq fikriniz yoxsa, az içməyə, və suyu ağzınızda çox saxlamamağa çalışın. Suyu birdəfəyə, kiçik qurtumlarla ya çöplə içə bilərsiniz. Şirin qazlı içki ağızda nə qədər çox qalarsa, ağız boşluğunda turşuluq bir o qədər çox olar. Çöplə içmək ən azı dişləri qoruyur. Limonlu, qreypfrutlu qazlı suların turşuluğu o birilərlə müqayisədə azdır. Qazlı su zərərsizdir sözlərini isə yalnız adi qazlı suya aid etmək olar, şirin qazlı sular hər biri zərərlidir, Coca-Cola isə bu siyahıya liderlik edir.
Maraqlı bir istisna: təbiətdə qazlı sular mövcuddur. Dioksid karbonlu mineral sulardan başqa da təbii qazlı sular var. Sulfidli, azotlu, bromlu sular bu qəbildəndir. Bu suların müalicəvi əhəmiyyəti barədə çox kitab yazılıb. Narzan, Barjomi, Arzni, Yessentuki müalicəvi təbii qazlı sulardır.
Adi suya ilk dəfə 1770-ci ildə isveç kimyaçısı Torbren Berqman qaz vurub. Berqman suyu karbon qazı ilə zənginləşdirən aparat hazırlayıb. 13 il sonra alman Yakob Şvepp Berqmanın qurğusunu təkmilləşdirərək qazlı su istehsalına başlayıb. Məşhur Schweppes firması belə yaranıb. Sonradan sərfəli olsun deyə suyu qazlaşdırmaq üçün sodadan istifadə edilib. Pul qazanmaq ehtirası 1886-cı ildə Coca-Colanın istehsal xəttinə xeyir-dua verib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir